AİP Biləsuvardakı həbslərlə bağlı bəyanat yaydı
Sen 03, 2015 17:54 Asia/Baku
Azərbaycan İslam Partiyası Biləsuvardakı həbslərlə bağlı bəyanat yaydı
FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının idarə heyətinin iclası keçirilib. İclasda partiyanın Biləsuvar rayonunun komitə sədri Ağabala Qasımov, həmçinin iki üzvü Elvin Məmmədov və Yusif Mailov barəsində Şirvan şəhər Məhkəməsinin çıxardığı həbs qərarı müzakirə edilib.Qeyd edək ki, dünən Biləsuvar Rayon Məhkəməsi tərəfindən Ağabala Qasımov və Elvin Məmmədovun hər birinə iki il, Yusif Mailova 3 il həbs cəzası elan olunub.
İdarə heyətinin üzvləri baş verənləri Azərbaycan İslam Partiyasına qarşı baş qaldıran təzyiqin, repressiyaların tərkib hissəsi kimi dəyərləndirib, islamçılar barədə çıxarılan qərarın tamamilə əsassız, haqsız olduğunu vurğulayıb və onların dərhal azadlığa buraxılmalarını tələb ediblər.
İclasın sonunda sözügedən həbslərlə bağlı Azərbaycan İslam Partiyası idarə heyəti bəyanat yayıb. Bəyanatda deyilir:
Bir müddət öncə Azərbaycan İslam Partiyasının Biləsuvar Rayon Komitəsinin sədri Ağabala Qasımov, komitə üzvlərindən Yusif Mailov və Elvin Məmmədova qarşı Biləsuvar Rayon Polis İdarəsində cinayət işi qaldırılmışdı. Cinayət işinin əsas motivi kimi guya islamçıların rayonda fəaliyyət göstərən cümə məscidinin axunduna qarşı zor tətbiq etmələri göstərilmişdi.
Baş verənlərlə bağlı Azərbaycan İslam Partiyası funksionerləri dəfələrlə Biləsuvar rayonunda olmuş, buradakı dini cameənin üzvləri, komitə fəalları, ibadət əhli və rayonun hörmətli şəxsiyyətləri ilə görüşlər keçirmiş, vəziyyəti tam araşdırmışlar. Rayon icra hakimiyyəti məsullarının islamçılara qarşı hazırladıqları qərəzli təxribat tədbirlərinə məscidin axundunun cəlb edilməsi müəyyənləşdirilmişdir. Baxmayaraq ki, axund Əlifağa əvvəlcədən verdiyi saxta izahatından yayınmışdır, hüquq-mühafizə orqanları yuxarıdan verilən sifarişi icra edərək, saxta cinayət işini məhkəməyə köçürmüşdür.
Dünən Biləsuvar Rayon Məhkəməsi tərəfindən Ağabala Qasımov və Elvin Məmmədovun hər birinə iki il, Yusif Mailova 3 il həbs cəzası elan olunmuşdur.
Azərbaycan İslam Partiyası baş verənləri quruma qarşı hakimiyyətin yeni həbs dalğasına başlaması kimi qiymətləndirir. Həbsin başlıca səbəbinin ölkədə və xüsusən də bölgələrdə, o cümlədən Biləsuvar rayonunda yerli icra orqanlarının özbaşınalığına, vətəndaşların sosial həyat şəraitini günü-gündən ağırlaşdıran süni bahalaşmalara, xidmət obyektlərinin yarıtmaz fəaliyyətinə qarşı islamçıların qətiyyətli etiraz etmələri olduğunu düşünürük.
Nöqsanların aradan qaldırılması əvəzinə, insanların təhdid olunmaları, ətrafa xof və qorxu hissi yaymaq məqsədilə haqqı deyənlərin həbsə alınmaları yerli icra hakimiyyəti orqanlarının siyasi mahiyyətindən irəli gəlir.
Bəyan edirik ki, bu həbsə layiq, vəzifələrini yerinə yetirə bilməyən, hakimiyyəti mənimsəməklə vətəndaşları inzibati amirliklə idarə etməyə çalışan və yerli büdcələri talayan məmurlardır. Bütün bunlara rəğmən, yol verilən kobud hüquq pozmalara son qoyulmasını, haqsız həbs olunan vətəndaşların tezliklə azad edilmələrini tələb edirik.
Hesab edirik ki, hər bir cəmiyyətin sosial ədalət mühitində yaşamasından ötrü məhkəmə hakimlərinin ədalətli qərarları vacibdir. Biz həbs olunan şəxslər haqqında çıxarılan məhkəmə qərarlarını ədalətsiz və sifarişli hökm kimi qiymətləndiririk.