AŞPA prezidenti Azərbaycanda ifadə azadlığına ciddi təhlükə olduğunu yazıb
Okt 17, 2015 13:11 Asia/Baku
-
AŞPA prezidenti Azərbaycanda ifadə azadlığına ciddi təhlükə olduğunu yazıb
Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək ölkədə ifadə azadlığı və plüralizmə ciddi təhlükə olduğunu yazıb.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör oktyabrın 16-da göndərdiyi məktubunda qeyd edib ki, Azərbaycanda demokratiya, insan haqları, qanunun aliliyinin təmin olunması sahələrində vəziyyət olduqca pisləşir.Azərbaycanın Avropa Şurasi qarşısında götürdüyü öhdəlikləri xatırladan Ann Brassör yazıb: “İnsan haqları fəalları və jurnalistlərin azadlıqdan məhrum olunmaları ilə bağlı son məhkəmə qərarları ölkədə ifadə azadlığı və plüralizmə sarsıdıcı təsir göstərir. Bunlar həmçinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir”.
Ann Brassör öz məktubunda xüsusilə narahatlıq doğuran konkret hallara diqqət çəkib. O yazıb ki, həbsdə olan insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının qısnanması və alçaldılması, habelə onların üzərinə fiziki hücum halları baş verir.
Xanım Brassör həmçinin diqqəti demokratik seçkilərin təşkili naminə AŞPA-nın və Venesiya komissiyasının tövsiyələrinə əməl edilməməsinə çəkib.
O məktubunda noyabrın 1-də keçiriləcək parlament seçkisinin Avropa Şurasının standartlarına uyğun təşkili üçün indiyədək verilən tövsiyələrin icrasına çağırıb.