Azərbaycanda süni qiymət artıranlara qarşı cəza tədbirləri işləyirmi?
Azərbaycan Respublikası prezidenti İlham Əliyev ölkədəki süni qiymət artımının qarşısının alınması üçün nazirlər kabinetinin son iclasında hökumət nümayəndələrinə göstərişlər verdi.
Həmin göstərişlərdən sonra İqtisadiyyat və Sənaye Nazirliyinin Baş Prokurorluqla birgə keçirdiyi reydlər zamanı süni qiymət artımına getmiş bəzi müəssisələr aşkar edildi.
Maraqlıdır, Azərbaycan üzrə qida sektorunda böyük payı olan bəzi yerli istehsalçılar öz məhsullarını (çay, bitki yağları, qənd, şəkər tozu, ət və tərəvəz konservləri, turşular və s.) bahalaşdırıb, amma onlara qarşı cəza tədbirləri işləmir.
Manatın 21 dekabr 2015-ci il tarixli devalvasiyasından sonra yerli şirkətlər öz məhsullarını 30-40 faiz bahalaşdırıblar.
Bəzən 99 faiz bahalaşmadan söhbət gedir.
Xammalı xaricdən təmin olunan məhsulların bahalaşması təbii görünsə də, istehsalı Azərbaycanın daxilində təmin edilən məhsulların qiymət artımı sual doğurur və istehlakçıları qane etmir.
Şirkət sahibləri məsələni belə izah edirlər: Məhsulun maya dəyəri bizdən asılı olmayaraq valyuta ilə müəyyən olunursa, qiymətləri məzənnə siyasəti ilə tənzimləmək məcburiyyətində qalırıq.
İqtisadiyyat və Sənaye Nazirliyi Baş Prokurorluqla birgə istehlak bazarına gücləndirilmiş nəzarət tədbirlərinin olduğunu deyir. Əhali isə qiymət artımından etiraz aksiyalarına başlayıbdır.