Möhsün Səmədov azadlığa çıxan siyasi məhbuslara salam göndərib
Vəkil Yalçın İmanov bu gün, cümə günü Qobustan Qapalı Həbsxanasında Azərbaycan İslam Partiyasının lideri Möhsün Səmədovla görüşüb.
Bu barədə “İslamınSəsi”-nə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin səhhəti və əhval-ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov qeyd etdi ki, AİP lideri Möhsün Səmədov azadlığa buraxılan siyasi məhbuslara salam göndərib: “AİP lideri ilk öncə azadlığa çıxan siyasi məhbuslara salam göndərdi və azadlığa buraxılan məhbusların özlərinin, əzizlərinin sevinclərini bölüşdüyünü bildirdi. Onu qeyd etdi ki, azadlığa çıxan siyasi məhbuslar üçün ən mühüm məsələ, məhbus dövründəki mübarizə əhval-ruhiyyələrini azadlığa çıxandan sonra da qoruyub saxlamaqdır.”
Qeyd edək ki, AİP sədri Hacı Möhsün Səmədov 2011-ci ilin yanvarında həbs edilib və Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində onun barəsində 12 il müddətinə azadlıqdan məhrum olunmaq haqda həbs cəzası çıxarılıb. Hazırda Qobustanda qapalı tipli həbsxanada saxlanılır.