AİP-in bəhreynli ruhaninin vətəndaşlığının ləğvinə reaksiyası
Azərbaycan Respublikası İslam Partiyası Bəhreyn rejiminin Şeyx İsa Qasımın vətəndaşlığının ləğvinə dair hərəkətini Ali-Xəlifə hakimiyyətinin müstəbid və zalımcasına mahiyyətinin aşkar nişanəsi adlandırıb.
İslaminSesi qəzeti AİP-in bəyanatını təqdim edərək, yazır:
Bu gün dünya xalqlarının İslama, bu dinin təməl dəyərlərinə yüksək qiymət verdiyi bir şəraitdə Bəhreyn rejimi özünün iç üzünü açmağa başlayıb. Əksəriyyəti şiələrdən ibarət olan bu xalqın çox hörmət bəslədiyi, bilik və mənəvi zənginliyinə ehtiyac duyduğu böyük İslam alimi, mütəfəkkiri Şeyx İsa Qasım barədə Bəhreyn hökumətinin qərarı beynəlxalq insan haqlarına və qanunlara qarşı daban-dabana ziddiyyət təşkil edir. Bu rejim özünün zülm və istibdad keyfiyyətlərindən irəli gələn təhlükəsini zərərsizləşdirmək üçün ən son addımlara əl ataraq, görkəmli İslam alimi Şeyx İsa Qasımı vətəndaşlıqdan çıxarıb.
AİP-in bəyanatında sonar deyilir:
AİP, Bəhreyn rejiminin Şeyx İsa Qasımın vətəndaşlıqdan çıxarılması barədə verdiyi qərarı zülm və istibdadın nəticəsi kimi görür. Bu addımı ümumən İslama, İslam aliminə qarşı qeyri-qanuni və ədalətsizlik hesab edir. Biz insan haqlarının bu şəkildə açıq-aşkar tapdanmasına qarşı bütün beynəlxalq təşkilatları, insan haqq və hüquqlarını müdafiə edən institutları sərt mövqe sərgiləməyə çağırır, İslam dünyasını İslam aliminə qarşı haqsızlığa etiraza səsləyirik.