ANS TV tam bağlandı
İyulun 18-də gözlənilmədən ANS telekanalının yayımı dayandırıldı. İlkin olaraq tv-nin qapadılma səbəbi kimi, ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsi göstərildi və bu müsahibənin efirə verilməməsi üçün telekanalın qapadıldığı deyildi.
Əməkdaşlar şirkətdən çıxarıldı, qapılara polisin iştirakı ilə möhür vuruldu. Rəsmi qərar isə bir gün sonra, yəni iyulun 19-da elan edildi. Məlum oldu ki, Milli Televiziya və Radio Şurasında (MTRŞ) iclas keçirilib və ANS-lə bağlı məsələ müzakirə edilib. Verilən qərarla ANS Müstəqil Yayım və Media Şirkətinin yayımı bir ay müddətinə dayandırılıb.
İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində ANS-in lisenziyası ləğv olundu - teleşirkət tam bağlandı
Musavat.com-a açıqlamasında Mirşahin Ağayev deyib: " Təbii ki, biz bununla razı deyilik. Bu qərardan digər instansiyalara müvafiq şikayət edəcəyik. Ümid edirəm ki, tezliklə haqq-ədalət öz yerini tapacaq".
ANS lisenziya üçün təkrar müraciət edə bilməz
"Lisenziya məhkəmə qərarı ilə ləğv edildiyi üçün ANS Müstəqil Yayım və Media Şirkəti lisenziya üçün MTRŞ-ya təkrar müraciət edə bilməz" - bunu “Report”a açılamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin müdiri Nemət Cavadov deyib.