Yan 09, 2017 19:42 Asia/Baku
  • AİP lideri Mövsüm Səmədov
    AİP lideri Mövsüm Səmədov

Azərbaycan İslam Partiyası sədri Hacı Mövsüm Səmədovun həbsinin 6 ili tamam oldu.

 O, 2011-ci il yanvar ayının 7-də partiyanın qərərgahından çıxıb evə gedərkən sədr müavini Vaqif Abdullayevlə birgə saxlanılıb.

 Onlara məhkəmənin qərarı ilə ilkin olaraq 10 sutka həbs cəzası verilsə də, sonradan həbs müddəti daha bir neçə nəfər də uzadılaraq barələrində cinayət işi açılıb. 9 ay aparılan istintaq yekunlaşdıqdan sonra, Ağır Cinayətlərə Dair Məhkəmənin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasların yekununda Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova 12 il hökm oxunub.

 

Qeyd edək ki, 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını, ölkədə mövcud olan korrupsiya və rüşvətxorluğun geniş vüsət almasını, qanun pozuntularının artmasını kəskin şəkildə tənqid etmişdi.

 

Sədr müavini Vaqif Abdullayev həbsdən 1 il sonra cəzaçəkmə müəssisəsində dünyasını dəyişsə də, digəriləri - partiyanın Astara rayon komitəsinin sədri Rufulla Axundzadə, masallı ruhanisi Fəramiz Abbasov, M.Səmədovun əmisi oğlu Dəyanət Səmədov, qaynı Firdovsi Məmmədrzayev hələ də həbsdədir.

 

Mövsüm Səmədovun həbsinin il dönümü ilə bağlı “İslaminSesi”nə açıqlama verən AİP funksioneri Akif Heydərli bildirdi ki, Azərbaycan İslam Partiyası sədrinin həbsindən keçən altı ili bu insana qarşı haqsızlığın və ədalətsizliyin pik nöqtəsi kimi dəyərləndirmək olar:

 

Bir siyasi partiya liderinin ölkədəki qanunsuzluğa, insanların haqq və hüquqlarının dözülməz şəkildə pozulması barədə kəskin çıxışına görə 12 il müddətinə azadlıqdan məhrum edilməsi sadəcə həmin siyasi sistemdəki yumşaq desək boşluqlardan, vətəndaşlara mənsub olduğu xalqın, dövlətin və dinin qayda, qanunlarına, adət-ənənələrinə inzibati-amirlik yoluyla biganə qalmaq məcburetmələrindən xəbər verir.”

 

Akif Heydərlinin sözlərinə görə, Mövsüm Səmədov 2011-ci il 02 yanvar çıxışından qabaq da bir neçə dəfə ölkədəki bir sıra neqativ hallardan, vətəndaşları ciddi narahat edən məmur özbaşınalıqlarından söhbət açmaqla, həm də vəziyyətdən çıxış yollarını göstərən kifayət qədər dəyərli təkliflərini vermişdi:

 

Təəssüf ki, xalqımızın gələcək səadəti, mənəvi zənginliyi, Azərbaycanın tərəqqisi naminə deyilənləri və bu tənqidləri qəbul etməyi bacarmayanlar onunla zor dilində danışmaqla cəmiyyətdən təcrid etdilər, zindana saldılar. Doktor Səmədov təkcə şəxsi ləyaqət və mənəvi dəyərlərinə görə deyil, Azərbaycan xalqının mənəvi ehtiyacı, onun kimi alimlərə sevgisi, hörmət və izzəti baxımından azadlıq hüquqlarının tanınmasını, ailəsinə qovuşmasını, xalqına daha yaxından xidmət etməyi haqq edir. Məncə bu gün mövcud hakimiyyət Mövsüm Səmədov kimilərinin məhbəsdə yaşamasına, cəmiyyətdən təcrid formasında ömür sürməsinə rəvac verməməli, qanunlarımızın aliliyini hörmət edərək onun azadlıq hüququnu təmin etməlidir.”

 

Mövsüm Səmədovun vəkili Yalçın İmanov isə açıqlaması zamanı bildirdi ki, müvəkkilinin səhhəti və ruhiyyəsi yaxşıdır və yaxın günlərdə onunla görüşə gedəcək. Lazımı olacaq bütün hüquqi prosedurların həyata keçirildiyini bildirən vəkil, bundan sonra da AİP liderinin azadlığa çıxması istiqamətində səylərini artıracaqlarını söylədi.

 

Teqlər