Allahşükür Paşazadə ABŞ prezidentini İrana qarşı sanksiyaların dayandırılmasına çağırıb
May 05, 2020 15:59 Asia/Baku
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz bölgəsinin və Azərbaycanın dindarları adından, müxtəlif din mənsublarının, tanınmış yəhudi, xristian, müsəlman dini liderlərinin, o cümlədən ABŞ-ın dini konfessiya rəhbərlərinin üzvü olduğu Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin adından, ABŞ prezidenti Donald Trampa məktubla müraciət edib.
Məktubda ilk öncə yaşanan böhranlara, qarşıdurma və münaqişələrə baxmayaraq, dünyanı məhvərindən çıxmağa qoymayan əbədi dəyərlərin mövcud olduğuna , səmavi kitablar olan Tövrat, İncil və Quranın insanlıq naminə yüksək əxlaqi təlimlərinə diqət çəkilib.
Məktubda sonra dünyannın çətin sınaqlarla sınandığı, yeni növ koronavirus bəlası ilə mücadilə etdiyi bir dövrdə insan həmrəyliyi, humanizm ideallarının hər zaman olduğundan daha artıq önəm daşıdığı vurğulanır, belə bir şəraitdə İrana qarşı sanksiyaların bu ölkə üçün pandemiya ilə əlaqədar xüsusi şəraitdə əlavə çətinliklər yaratdığı bildirilərək, İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına qərar verilməsinə çağırılır və deyilir: Belə bir qərar bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Uca Rəbbimizə xoş gedən savab bir əməl olar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin rəhbəri Allahşükür Paşazadənin Trampa ünvanladığı məktubun sonunda dünyanın bütün bəşərin evi olduğu və bu evin həyati düzəninin ölkələrin rəhbərlərinin verdikləri düzgün qərarlardan asılı olduğu bildirilir, Pesax və Pasxa bayramları dönəmində, eləcə də mübarək Ramazan ayının başlanması ərəfəsində belə bir qərara daha uyğun vaxt yarandığı bildirilir və belə qərarın bütün dindarların ümidi və bəşəri sülh üçün arzusu və diləyi olduğu deyilir.