Dağıstanda Azərbaycan vətəndaşları kütləvi aclıq aksiyası keçirirlər
Azərbaycan vətəndaşları dördüncü gündür ki, Dağıstanın Qullar qəsəbəsində kütləvi aclıq aksiyası keçirirlər.
SəhərAzeri Turana istinadla xəbər verir, Aksiya “Evə getmək istəyirik!” şüarı altında keçirilir.
Aclıq aksiyasında 200 nəfərə yaxın adam daimi və ya növbə ilə iştirak edir.
Adamlar Azərbaycan və Rusiya hakimiyyətlərindən tezliklə sərhəddən buraxılmalarını tələb edirlər.
Onların çoxu bir aydan çoxdur ki, sərhəddə yaşayır.
Son 20 gündə üç partiya olaraq 271 nəfər sərhəddən buraxılıb. Buna baxmayaraq, yeni gələnlərin hesabına sərhəddə hələ də təxminən 650-700 nəfər toplaşıb.
Onların yarısı çadır düşərgəsində, qalanları şəxsi avtomobillərdə, yarıtikilmiş binalarda, sellofandan düzəldilmiş çadırlarda yaşayır.
“Biz burada - çöldə yaşamaqdan yorulduq. Gündüz çox isti olur, yuyunmaq imkanı yoxdur, normal qidalanma yoxdur, çoxunda pul qalmayıb”, - çadır düşərgəsinin sakinlərindən biri bildirib.