Azərbaycan Respublikası prezidenti Rusiya prezidenti ilə telefon əlaqəsi saxlayıb
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlar intensiv xarakter almasının Azərbaycan Respublikası ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidenti Vladimir Putinin diqqətinə çatdırıb.
SəhərAzəri xəbər verir, İlham Əliyev avqustun 12-də baş tutmuş telefon söhbətində prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan- Azərbaycan Respublikası dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Əliyev Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.
Əliyev Ermənistan-Azərbaycan Respublikası sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan Respublikası ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb.
Prezident İlham Əliyev Ermənistan- Azərbaycan Respublikası sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Qeyd edək ki, telefon söhbəti zamanı Rusiya ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığının gündəliyinə aid məsələlər müzakirə edilib və Moskva-Bakı tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.