Avq 25, 2020 17:33 Asia/Baku
  • XİN başçısı: “Ermənistan hücumu öncədən planlaşdırıb

“Atəşlərin miqyası və intensivliyi göstərir ki, erməni tərəfi bu hücumu öncədən planlaşdırıb və aktiv hərbi əməliyyatlar zonasına aid edilməyən ərazidə xeyli sayda silah və döyüş sursatı cəmləyib”.

SəhərAzəri xəbər verir, bunu TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycanın sərhəd bölgələri və orada yerləşən mülki obyektlərin atəşə tutulmasının intensivliyi mülki əhali arasında təşviş yaratmaq və insanları evlərini tərk etməyə məcbur etmək məqsədi daşıyırdı. Hücum böyük enerji və nəqliyyat infrastrukturu obyektlərinin yerləşdiyi istiqamətlərdə həyata keçirilib. Təbii ki, Ermənistandakı pandemiya ilə kəskinləşən daxili siyasi, sosial və iqtisadi problemlər silahlı hücumun vaxtının seçiminə təsir göstərib”, - nazir vurğulayıb.
O əlavə olaraq deyib: “Xüsusilə erməni təcavüzkarlarının Azərbaycanın dövlət sərhədinin Tovuz hissəsində hərbi təcavüzünün intensivləşməsi fonunda Ermənistana hərbi təchizat tədarükü ilə bağlı yayılan məlumatlar Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb oldu”
 “Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə son telefon danışığı zamanı strateji tərəfdaşlıq, etibarlı dialoq və qarşılıqlı hörmət ruhunda qaldırılıb. Ermənistan rəhbərliyinə təcavüzkar ritorikası və silahlı təxribatların artan intensivliyi fonunda silah tədarükü gərginliyin artması riskini yaradır və münaqişənin dinc yolla nizamlanması prosesinə xələl gətirir, ümumiyyətlə, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır”, - Ceyhun Bayramov vurğulayıb.

Teqlər