Lavrov etiraf etdi:
Azərbaycan və Ermənistan sənədlər üzərində işləyiblər
"Biz problemin həlli ssenarisinin yazılması ilə məşğul olmuruq, biz onların özlərinin razılaşması üçün şərait yaradırıq" - Rusiya XİN rəhbəri
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı bildirib.
Rusiya Xarici İşlər naziri tələbələrə azərbaycanlı və erməni həmkarları Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla olan danışıqları barədə söz açıb.
"Bizdə hər iki tərəfin vəziyyətin normallaşmasında, ATƏT-in Minsk qrupu həmsədrlərinin regionda təşkil etdikləri görüşlərin bərpasında maraqlı olmalarına dair təəssürat var", - deyə Rusiya XİN rəhbəri vurğulayıb.
O, həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə (Rusiya, ABŞ və Fransa) tərəflərin özlərinin hərtərəfli məqbul razılaşmaları tapa biləcəyi lazımi atmosferi yaratmaq səlahiyyəti verilib: "Biz problemin həlli ssenarisinin yazılması ilə məşğul olmuruq, biz onların özlərinin razılaşması üçün şərait yaradırıq. Son 18 ildə ilk dəfə tərəflər arasında belə sənədlər hazırlanırdı. Az iş görülməyib. Orada BMT Nizamnaməsi, həm də Helsinki Yekun Aktının prinsiplərini əks etdirən prinsiplər formalaşdırılıb. Orada bu nizamlanmanın baş tutması üçün razılaşdırılmalı olan konkret parametrlər də müəyyənləşdirilib".
Lavrov vurğulayıb ki, son vaxtlar bir neçə insident baş verib ki, bu da təbii olaraq gərginliyi çox ciddi şəkildə artırıb və həmsədrlərin atmosfer yaratmaqda müvəffəq olma səylərinə kömək etməyib.
Qeyd edək ki, iyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan Ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirləri ilə onlar itki verərək geri oturdulublar.
Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.
İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.
Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.
İyulun 16-da Ermənistan SQ Azərbaycan mövqelərinə yenidən hücum etməyə cəhd göstərib. Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri iriçaplı silahlardan və minomyotlardan atəşə tutulub.
Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.