Bakıda Azərbaycan və Rusiya Müdafiə nazirləri müavinlərinin görüşü keçirilib
Sentyabrın 3-də Azərbaycanın Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bu ölkədə işgüzar səfərdə olan Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, Azərbayca Respublikasının müdafiə nazirinin müavini Azərbaycan-Rusiya əlaqələrinin qurulmasında hər iki ölkə prezidentlərinin böyük rol oynadıqlarını və bu əməkdaşlığın qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğulayıb.
Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələlərinin də müzakirə olunduğu görüşdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-leytenant K.Vəliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə ən ciddi təhlükə olaraq qalır. Bu münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinə nail olunması vacibdir.
Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini R.Tsalikov da vurğulayıb ki, tarixi köklərə əsaslanan əlaqələri olan iki ölkə strateji tərəfdaşdırlar. Bu cür görüşlərin keçirilməsi də Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından mühüm rol oynayır.
Tərəflər bu günlərdə “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz kuboku” müsabiqəsinin əhəmiyyətindən danışıblar.