Azərbaycan Respublikası Niderland Parlamentinin qərarını qərəzli adlandırdı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bildirib ki, Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə, əsassız və qərəzli iddiaları əks edir.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu barədə qeyd olunub: "Belə ki, 7 oktyabr tarixindən etibarən Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzli iddiaları əks etdirmiş, açıq anti-Azərbaycan mövqeyi sərgiləmişdir. 17 dekabr tarixində qəbul olunmuş “Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı” qətnamədə yenidən həqiqət təhrif olunur, Azərbaycan Respublikasına qarşı əsassız iddialar əks olunur.
Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edir və ölkənin Nümayəndələr Palatasını birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq.
Niderland, eləcə də parlamentləri qərəzli mövqe nümayiş etdirən digər Avropa dövlətləri qərəzli mövqe nümayiş etdirərək ədavəti alovlandırmaq yerinə, 10 noyabr tarixli birgə bəyanatla bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verə bilər".