Bakı və Aşqabad arasında Xəzərdə neft yatağının birgə işlənilməsinə dair memorandum imzalanıb
Azərbaycan Respublikası ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının birgə işlənilməsinə dair anlaşma sənədi bu gün Aşqabadda imzalanıb
SəhərAzəri xəbər verir, Bakının yerli mənbələrinin məlumatına görə, bu anlaşma sənədini Türmənistanın xarici işlər naziri Rəşid Meredov və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov imzalayıblar.
Bu anlaşma sənədinin imzalanma mərasimi Azərbaycan Respublikası və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun video-formatda iştirakı ilə keçirilib.
Azərbaycan Respublikası prezidenti bu mərasimdə deyib: "Bugünkü mərasim iki ölkənin müstəqilliyinin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxillik gərgin fəaliyyətinin nəticəsidir".
İlham Əliyev bildirib ki, bu gün Türkmənistan və Azərbaycan Respublikası beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən və özlərini tamamilə təmin edən ölkələrdir; Onlar, istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bu ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər.
Azərbaycan Respublikası ilə Türkmənistan arasındaimzalanan sənəddə ümumi neft ehtiyatları 60-70 milyon ton təxmin edilən Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi nəzərdə tutulub.
Son illərdə Bakı ilə Aşqabad, Azərbaycanın "Kəpəz" və Türkmənistanın "Sərdar" adlandırdığı Xəzər dənizindəki bu neft yatağının mülkiyyəti ilə bağlı mübahisələr yaranıb və sonda hər iki tərəfin bu enerji mənbəyini birtərəfli işlətmə səyləri uğursuz olub.