XİN: Fərman İsmayılovun nəşinin yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır
Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Port Jentil limanında lövbər salıb.
SəhərAzəri xəbər verir ki, Az. R. Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva APA-ya açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək: "Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır".
Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.