İ. Əliyevlə Vladimir putin arasında telefon danışığı baş tutub
Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.
SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, bu barədə Az. R. Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Az. R. dövlət başçısı Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar Rusiya Prezidentini təbrik edib. Prezidenti təbrikə görə minnətdarlığını bildirib.
İlham Əliyev bu Mərkəzin fəaliyyətinin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunması işinə xidmət edəcəyini vurğulayıb.
Az. R. Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəqliyyat-kommunikasiya bəndinin müddəalarının icrası ilə bağlı Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşün əhəmiyyətini qeyd ediblər.
Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, iki ölkə əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.