Rəsmi Bakı Azərbaycanda erməni əsirin olmadığını iddia edir
Azərbaycan dövləti bildirib ki, rəsmi İrəvanın əsirlərlə bağlı iddiası həqiqəti əks etdirmir.
SəhərAzəri xəbər verir, Azərbaycan qeyd edib ki, bu ölkədə saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib. Onlar işgəncə, alçaldıcı və pis rəftara məruz qalmayıblar, olanlara lazımi tibbi yardım göstərilib və hər biri saxlanıldıqları müddətdə tibbi müayinədən keçirilib. Müayinə zamanı xəsarət izləri aşkar olunmayıb.
Azərbaycanda hərbi əsirlərin olması iddialarına gəldikdə isə bildirilir ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb. Bu, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə razılaşdırılıb.
2020-ci ilin oktyabr ayından etibarən erməni hərbi əsir və mülki şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən müntəzəm baş çəkilib və ailə üzvləri ilə telefon və video danışıqlarına icazə verilib.
Əlavə olaraq, Azərbaycan Respublikası Ombudsman Aparatının nümayəndələri hərbi əsirlərin və mülki şəxslərin saxlandıqları yerləri ziyarət edərək onların şəraiti ilə tanış olublar.
Azərbaycanda sui-istifadə halları ilə əlaqəli olduğu iddia edilən şəxslərə qarşı cinayət işləri açılıb.
Digər tərəfdən deyilir ki, dəfələrlə edilən müraciətlərə və çoxsaylı iddialara baxmayaraq, Ermənistan azərbaycanlı əsirlərə və həbsdə saxlanılan mülki şəxslərə qarşı alçaldıcı rəftar halları ilə bağlı hər hansı bir araşdırmaya başlamayıb..
Azərbaycan hökuməti, HRW təşkilatını diqqətini Ermənistan tərəfindən azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, habelə itkin düşən minlərlə azərbaycanlına qarşı pis rəftar faktlarına yönəltməyə çağırıb.
Azərbaycan mənbələrinin bildirdiyinə görə, birinci Qarabağ müharibəsi nəticəsində 3890 azərbaycanlı itkin düşüb və onların taleyi hələ də məlum deyil. İtkin düşənlərin 3171-i hərbçi, 719 mülki şəxsdir.1480 keçmiş Azərbaycan əsirinin şahid ifadələrinə görə, 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə Azərbaycan əsirləri işgəncə görüb, onlara qarşı pis rəftar edilib və onlar alçaldıcı şəraitdə saxlanılıb.
Qeyd etmək istərdik ki, müharibədən sonra 60 nəfərdən çox erməni hərbçi Hadrut bölgəsində saxlanılıb. Azərbaycan tərəfi onları terrorçu adlandırır və Ermənistana təhvil verməkdən imtina edir.