Hacı İlham Əliyevin həbsi narahatlıqla qarşılanır
AİP liderinin həbsi İranda etiraz doğurdu
Azərbaycanlı din xadimi və İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin barəsində 16 il həbs hökmünün verilməsi İranda etirazla qarşılanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Zəncanın Sarəllah Heyətinin bununla bağlı yaydığı bəyanatda deyilir: Azərbaycan Respublikasında dindarların həbsi və onlara işgəncə verilməsinə etiraz edir, saxta ittihamlar əsasında ağır həbs cəzası ilə üzləşən Hacı İlham Əliyevə dəstək veririk.
Bəyanatda respublikada anti-şiə planına son qoyulması tələb edilir.
Tehranın İmam Sadiq(ə) Universiteti də AİP liderinin həbsini qınayıb.
Təhsil müəssisəsinin yaydığı bəyanatda qeyd olunur ki, son günlər qardaş ölkədə islamçılara qarşı hücum halları artmaqdadır və bu hücumlar din aliminə qarşı qeyri-ədalətli məhkəmə qərarı ilə davam etmişdir. Şiələrin çoxluq təşkil etdiyi ölkədə cərəyan edən bu tendensiyada sionist rejimin izləri müşahidə olunmaqdadır.
Bəyanatda Azərbaycan dindarlarının Qarabağ uğrundakı şanlı qələbədə payının olduğu vurğulanır.
Lahican şəhərinin imam cüməsi də məlum həbs qərarından narahatlıq keçirdiyini bildirib.
Höccətülislam d-r Süleymaninin açıqlamasında deyilir ki, Hacı İlham Əliyev sırf İsrailə və Qüdsün azadlığına xatir Ümumdünya Qüds Günü ərəfəsində cəzalandırıldı.
O öz açıqlamasının sonunda Azərbaycanda yüzə yaxın islamçının əsassız ittihamlarla həbsdə saxlanmasından dərin naraharlığını qeyd edib.
Xatırladaq ki, mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani Hacı İlham Əliyevin işi üzrə məhkəmə prosesi yekunlaşıb və ruhaniyə hökm oxunub.
Hökmə əsasən, Hacı İlham Əliyev 16 il, onunla birlikdə həbs edilən Mehman Rzayev isə 14 il müddətinə azadlıqdan məhrum edilib.