May 24, 2021 07:48 Asia/Baku
  • Məşriq-Nyusun təhlili: Tehran-Bakı münasibətlərində yeni səhifə açılır

Dağlıq Qarabağ böhranının sona çatması ilə İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün yeni fürsət yaranıb.

 SəhərAzəri-nin məlumatına əsasən, İranın Məşriq-Nyus saytı iki ölkə əlaqələri üçün yaranmış mühüm fürsəti şərh edib. Vebsaytın yaydığı məqalədə deyilir:

Azərbaycan yenidənqurma planlarını dost ölkələrin birgə səyləri ilə daha sürətli və daha effektiv həyata keçirə bilər. Bu prosesdə iştirak etmək istəyən dost ölkələrdən biri də İran İslam Respublikasıdır. Yeri gəlmişkən, Azərbaycan artıq dost saydığı ölkələri Qarabağın bərpasında iştirak etməyə dəvət edib və dəvət alanlar arasında İran da var.

Azərbaycanla qonşu olan İran həqiqətən də işğaldan azad edilmiş ərazilərin bərpasına ciddi töhfə verə bilər. Çünki bu rayonlarlar coğrafi baxımdan İrana yaxın, hətta onunla həmsərhəddir. Üstəlik, İranın xammal və işçi qüvvəsi digər ölkələrlə müqayisədə daha ucuz başa gəlir.

Təəssüf ki, son illərdə Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişə İran-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsinə mane olub. Çünki iki dövlətin 132 kilometrlik sərhədi ermənilərin işğalı altında olub və nəticədə həmin ərazilərin potensialından istifadə edilməyib. Lakin hazırda Tehranla Bakı yaranmış əlverişli fürsətdən, mövcüd potensialdan istifadə edə, qarşılıqlı əlaqələri daha da genişləndirə bilər.

Əlbəttə yenidənqurma işlərinə başlamazdan əvvəl bu ərazilərin minalardan təmizlənməsi lazımdır. İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi ölkəsinin Azərbaycan ərazilərinin minalardan təmizləmə əməliyyatının bir hissəsini humanitar əsaslarla, təmənnasız həyata keçirməyə hazır olduğunu bildirib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində hesab edirlər ki, işğaldan azad olunmuş bütün ərazilərin minalardan təmizlənməsinə təxminən 13 il lazımdır.

Aydın məsələdir ki, Azərbaycanın İranla sərhəd bölgəsinin işğaldan azad edilməsi Bakının Araz çayının enerji potensialından tam istifadəsinə yol açır. İndi Azərbaycan tərəfi Xudafərin körpüsünə də tam nəzarət edir. Ötən ilin dekabrında İranla Azərbaycan artıq bölgədə iki su elektrik stansiyasının inşası ilə bağlı yekun razılığa gəliblər.

İkinci Qarabağ müharibəsinin bitməsi ilə İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. İndi Tehranla Bakı iqtisadi-ticarət əlaqələrini daha da dərinləşdirməlidir. Hər iki tərəf nəqliyyat əlaqələrini, tranzit imkanlarını artırmaq, siyasi, mədəni, hərbi sahələr daxil olmaqla, bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlara malikdir.

Beləliklə, post-müharibə dövründə İranla Azərbaycan arasında dialoq canlanmalı, yeni birgə layihələr həyata keçirilməlidir. Bu mənada, İran şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əlverişli fürsətdir.

 

Teqlər