May 26, 2021 12:16 Asia/Baku
  • Rusiya KTMT-nin qapısının Azərbaycanın üzünə açıq olduğunu deyir

Azərbaycan Respublikası KTMT-yə qaşulmağa tələsmir. Hələlik Rusiyanın bu barədə təklifi qulaq ardına vurulur.

SəhərAzəri-nin verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan üçün də qapılarının açıq olmasının gərəkdiyini söyləyib.

Lakin o bunun üçün əvvəlcə sərhəd probleminin həllini vacib hesab edibdir. “İlkin olaraq rəsmi Azərbaycan ilə KTMT üzvü olan Ermənistan arasında dövlət sərhədləri dəqiqləşməli, daha sonra İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra yekun sülh sazişi imzalanmalıdır. İki ölkə arasında diplomatik münasibətlər yaranandan sonra Azərbaycanın KTMT-yə qoşulub-qoşulmaması məsələsi müzakirə edilə bilər”.

Azərbaycanda bu təklifə hələlik soyuq yanaşılır. Qeyd olunur ki, Kreml Azərbaycanı “rus NATO-na üzv etməklə onu tələyə salmaq istəyir. Ona görə də Azərbaycanın nə KTMT, nə də Avrasiya İqtisadi Birliyinə qoşulmaq niyyəti var. Digər tərəfdən Azərbaycan Qoşulmama Hərəkatının üzvü olduğuna xatir hər hansı hərbi alyansa qoşula bilməz.

Azərbaycanın KTMT-yə daxil olmasına qarşı olan siyasətçilər həmçinin qeyd edirlər ki, Rusiyanın Azərbaycanı tamamilə öz orbitində görmək istəyi, hətta təzyiqi yeni deyil. Ancaq hər bir halda Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü KTMT yolunu bağlayır. Bakı ruslara görə QH-dən imtina etməyəcəkdir.

Belə bir şəraitdə rəsmi Bakının Rusiya tərəfindən təzyiqlərlə üzləşəcəyi istisna olunmur. Belə ki, Rusiya üçtərəfli razılaşmaların, eləcə də sərhədlərlə bağlı yeni sənədin icrasını uzatmağa, Azərbaycanın öz təsir dairəsindən uzaqlaşmasına maneələr yaratmağa, hətta yeni sərhəd problemləri yaratmağa çalışacaq.

Teqlər