Ekspertlər arasında fikir ayrılığı;
Ermənistan-Azərbaycan sövdələşməsində əsas rolu kim oynadı - Qərb, yoxsa Rusiya?
Erməni diversantların təhvil verilməsi müqabilində Ağdam üzrə mina xəritələrinin Ermənistandan alınması social mediada qızğın müzakirələrə səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, siyasi analitik və politoloq Samir Hümbətov feysbukda yazır: "Ermənistan tərəfinin Ağdamda basdırdığı 97 min tank və piyada əleyhinə minanın xəritəsini təhvil verməsi Azərbaycanın üstün mövqedə olmasına açıq sübutdur. Şübhəsiz ki, bu məsələdə qərbin təsirinin olduğunu danmaq olmaz. Bu addım onu göstərir ki, Paşinyan açıq şəkildə demək istəyir ki, mənim üçün əsas prioritet olan Qərbdir, nəinki Rusiya."
Politoloq Elxan Şahinoğlu isə Ermənistanın bütün xəritələri verməyə məcbur olacağı qənaətindədir. "Əlimiz gücləndi, minalar məsələsində Ermənistana təzyiq nəticə verdi. Davamı gəlsin. Əgər əlimizdə olan bir qisim erməninin Ermənistana təhvil verilməsiylə seçki öncəsi Paşinyanın mövqeyi güclənəcəksə, qoy olsun. Robert Koçaryandansa qoy elə Paşinyan hakimiyyətinə davam etsin"- yazır E.Şahinoğlu.
Beynəlxalq Əlaqələr üzrə ekspert Nəzakət Məmmədovanın bu məsələdə mövqeyi bir qədər fərqli olub. O, öz feysbuk paylaşımında Rasiya amilini qabardaraq bildirir: "Fikrimcə, Putinlə Paşinyan artıq Ermənistanda hakimiyyətdə qalmağın şərtləri barədə ilkin razılaşmaya gəliblər. Bizdəki erməni terrorçuların qaytarılması Paşinyana seçkidə uğur qazandırmaq üçün fürsət verəcək. Seçkinin qalibi Paşinyandır. Onun hakimiyyətdə qalmasına Azərbaycanın dəstək verməsi doğru addımdır. İki pisdən birini seçmək lazımdırsa, Köçəryandansa Paşinyanı seçmək lazımdır."
Təhlillərə görə Ermənistandakı seçkinin gedişatı Moskvadan idarə olunur. Bu istiqamətdə 15 erməni hərbçi əsirin Ermənistana təhvil verilməsi Rusiyanın təşəbbüsü ola bilər ki, Nikolun reytinqini gücləndirsinlər.
Məsələ belədir; Paşinyan qərbpərəst siyasətdən birdəfəlik imtina edir və Rusiyanın dominantlığına təslim olur. Əks təqdirdə Putin onu dəstəkləməzdi. Belə ki, Koçaryanı ortaya atdılar ki, Paşinyanı qorxutsunlar. Bu mənada seçkilərin əsl qalibi bəlkə də Rusiyadır.