Şərqi Azərbaycanın iqtisadi heyəti Bakıda səfərdədir
Azərbaycan və İranın biznes qurumları yeni Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) İranın Şərqi Azərbaycan valisinin müavini Əli Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, Konfederasiyanın prezidenti Məmməd Musayev dost ölkədən olan nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirərək, Azərbaycan Respublikasındakı biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda Azərbaycanın MDB, Türkiyə və Avropa bazarlarına geniş çıxış imkanları, logistika infrastrukturu barədə qonaqlara ətraflı məlumat verib.
Əli Cahangiri isə 44 günlük müharibədə Azərbaycanı qazandığı qələbə münasibətilə təbrik edərək, ərazilərin azad olunmasının hər iki ölkə arasında iqtisadi əlaqələr üçün yeni imkanlar yaratdığını bildirib. O, Təbrizin tarixən sənətkarlar şəhəri olduğunu və şəhərdə 4 minədək zavodun, eləcə də 27 minə qədər kiçik və orta sahibkarlıq subyektinin fəaliyyət göstərdiyini qeyd edib.
Ə.Cahangiri təmsil etdiyi bölgənin və ümumilikdə İranın böyük iqtisadi və investisiya potensialı, Azərbaycan və İran sahibkarlarının birgə müəssisələr yaradaraq iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və gələcəkdə bu məhsulları üçüncü ölkələrə ixrac etmək imkanları barədə fikirlərini bölüşüb.
İranlı rəsmi Xudafərində İran və Azərbaycan məhsullarının sərgi və satış yarmarkasının keçirilməsi, gələcəkdə müştərək sərbəst bazar zonasının yaradılması və Təbrizə biznes-missiyasının təşkili ilə bağlı təkliflər irəli sürüb.
Daha sonra, ASK ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum, birgə fəaliyyət üçün sənaye sahələrinin müəyyənləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanması üçün potensial imkanların müəyyən edilməsi kimi məqsədləri əhatə edir