İyul 28, 2021 11:38 Asia/Baku
  • Şeyx niyə qorunmalıdır?

Azərbaycanlı ilahiyyatçı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə qarşı kampaniyaları qınadı.

 SəhərAzəri-nin məlumatına əsasən, Şeyx Teymur Axar.az portalında dərc edilmiş məqaləsində yazır: Qafqaz Müsəlmanları İdarəsi özündə Azərbaycan müsəlmanları ilə bərabər, Dağıstan, Çeçenistan, Kabardin-Balkar, İnquşetiya, Qaraçay-Çərkəz, Adıgey və Gürcüstan müsəlman cameəsini və təşkilatlarını birləşdirir. Və Azərbaycanın Qafqazın ən güclü dövləti statusunu QMİ özündə çox mənalı şəkildə əks etdirir. Ona görə də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nüfuzu, onun rəhbərinin imici dövlətçiliyimiz və milli maraqlarımız baxımından xüsusi əhəmiyyət kəsb edən məsələdir.

İlahiyyatçı qeyd edir ki, Allahşükür Paşazadə - Qafqazın dini rəhbəridir və onun daşıdığı missiya və dini rola görə şəxsiyyətinin qorunması vacibdir. Azərbaycan xalqına üstünlük gətirən bir institutun imicinin zədələnməsi və Qafqaz müsəlmanları arasında Şeyxülislamın nüfuzunun azalmasında iştirakçı olmaq yolverilməzdir. Ona görə də Qafqaz Şeyxülislamlıq institutunun təsir dairəsinin qorunması üçün Allahşükür Paşazadənin bu qədər tənqid hədəfinə çevrilməsindən qaçmaq lazımdır.

Müəllif hesab edir ki, heç bir ölkədə dini liderlə bağlı bu qədər aşağılayıcı ifadə seçilməz; heç bir xalq öz dövlət və milli maraqları, dini həssas insanlara münasibətə görə öz ruhani liderinə ağır ifadələrin işlədilməsinə yol verməz. 

"Şeyxin şəxsiyyəti deyil, statusu və daşıdığı missiyanı qorumaq Azərbaycanın milli maraqlarındandır və Şeyxülislam da bütün ömrü boyu fəaliyyəti ilə bu maraqların təminində az rol oynamayıb. Biz mövcud ruhani institutumuza zərbə vururuq və Şeyxülislam məqamını aşağılayırıq, sabah o yerə kimin seçilməsindən asılı olmayaraq, onun da nüfuzunu indidən aşağılayırıq"- deyə ilahiyyatçı vurğulayır. 

 

Teqlər