Avq 27, 2021 11:34 Asia/Baku
  •  İran 1-ci Azərbaycan Respublikası 3-cü yerdədir

Avqustun 25-də İran İslam Respublikasının Xəzər sahilində yerləşən Ənzəli limanında start götürmüş "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirilib.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər. Bu mərhələdə hərbi dənizçilər komandada beş nəfər olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək müəyyən məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər.

Hakimlər komissiyasının qərarı ilə bu mərhələdə İran komandası 20 balla birinci, Rusiya komandası 18 balla ikinci, Azərbaycan komandası 16 balla üçüncü, Qazaxıstan komandası isə 11 balla dördüncü yerə layiq görülüb. Yarışların ümumi nəticəsinə görə hazırda İran komandası 58 balla birinci, Qazaxıstan komandası 49 balla ikinci, Azərbaycan komandası 48 balla üçüncü, Rusiya komandası isə 46 balla dördüncü yerdə qərarlaşıb. Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsi ümumi üç mərhələ üzrə altı epizoddan ibarətdir. Növbəti günlərdə Azərbaycan Respublikasının hərbi dənizçiləri "Artilleriya atışlarının yerinə yetirilməsi" və "Dəniz hazırlığı" üzrə mərhələlərdə güclərini sınayacaqlar.

Xatırladaq ki, avqustun 25-də "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" müsabiqəsinə start verildi.

İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanının müavini admiral Həmzə Kavyani "Dəniz kuboku" müsabiqəsinin hərbi əməkdaşlığın, hərbçilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və peşəkarlığın daha da artırılması məqsədilə təşkil olunduğunu bildirmişdir.

Sentyabrın 4-dək davam edəcək müsabiqədə hərbi dənizçilər "Artilleriya atışlarının yerinə yetirilməsi", "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı" və "Dəniz hazırlığı" mərhələlərində mübarizə aparacaqlar.

 

 

 

 

Teqlər