Minsk qrupu və çoxtərəfli vasitəçiliyin iflası-AKTUAL ŞƏRH
ABŞ nəşri Minsk Qrupuna ehtiyac duyulmadığını yazıb
ABŞ-da nəşr olunan nüfuzlu Washington Times qəzeti ATƏT Minsk Qrupunun vasitəçilik işində iflasa uğradığını bildirir.
SəhərAzəri-nin məlumatına əsasən, jurnalist Adam Ereli-nin qələmə aldığı məqalədə deyilir: ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçiliyindən yaxşı nümunə göstərmək çətindir. Qrupun uğursuzluqları xeyli problemlərə səbəb olub. Bu, münaqişənin həlli ilə bağlı digər beynəlxalq səylərə də maneəyə çevrilib.
Məqalədə sonra deyilir ki, geosiyasi reallıqlara və struktural nöqsanlara baxmayaraq, ABŞ liderləri və onların müttəfiqləri “ölü atı qamçılamaq” israrını davam etdirir. Məsələn, Ermənistan-Azərbaycan sərhədində ötən ilin iyulunda baş vermiş hərbi toqquşmadan sonra ABŞ Dövlət Departamenti tərəflərə ATƏT-in Minsk qrupu çərçivəsində substantiv danışıqlara qayıtmaq çağırışı etmişdi. Dövlət katibi Entoni Blinken də erməni həmkarına ünvanladığı məktubda bu fikirləri yenidən təkrarlayıb.
Acı reallıq isə fərqlidir: Qarabağ və digər qaynar nöqtələrdəki münaqişələrin həlli işində köhnəlmiş, effektiv olmayan mexanizmlərə “qul” olmaq Qərbin uğursuzluğuna səbəb olur. Nəticədə artıq ona ehtiyac duyulmur.
Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə Minsk Qrupunun fəaliyyətindən narazılıq ifadə edib. “ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Digər tərəfdən Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri Qarabağ məsələsi ilə əlaqədar dörd qətnamə qəbul etmişlər. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib", - deyə Azərbaycanın dövlət başçısı bildirb.