İsrail Knesseti qondarma “erməni soyqırımı”nı tanıya bilər
Sionistlərin qanun layihəsi təqdim edildi
Sionist İsrail rejiminin parlamenti-Knessetinin müxalifətdən olan üzvləri “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini təqdim ediblər.
SəhərAzəri xarici mediaya istinadən xəbər verir ki, İsrail Knessetinin bir qrup müxalifət üzvü qondarma erməni soyqırımının rəsmi tanınması və 24 aprelin “Anım Günü” kimi təsis edilməsi haqqında qanun layihəsini təqdim edib. Bu barədə “Jerusalem Post” məlumat yayıb.
Qanun layihəsinin müəllifləri “Şas” partiyasından olan deputatlar Yaakov Marqi, Haim Biton, Moşe Arbel, həmçinin “Yesh Atid” partiyasından olan deputatlar Yuliy Edelşteyn, İsrael Katz və Yoav Kişdir.
Xatırladaq ki, Knessetdə işğalçı İsrail rejiminin Erməni Soyqırımını rəsmən tanıması cəhdi ilk dəfə deyil.
2018-ci ildə Meretz MK Tamar Zandberg adlı deputat erməni soyqırımının tanınması üçün qanun layihəsi təklif etdi, lakin hökumətin müqaviməti səbəbindən qanun layihəsi ləğv edildi.
2019-cu ildə Yair Lapid və Gideon Sa'ar kimi Knessetin bir sıra nüfuzlu üzvləri bu addımı dəstəklədiklərini bildirdilər, lakin hökumətin dəstəyinin az olması səbəbindən yenə də davam etmədi.
Müşahidəçilər bildirirlər ki, İsrail hökuməti bu yolla Türkiyənin və həmçinin Azərbaycanın boynuna minnət qoyduğu təəssüratını yaratmağa çalışır və regionda yaşanan geopolitik oyunlar fonunda bunun vaxtının hələ yetişmədiyini hiss edir; əslində isə Amerika kimi o da ermənilərin təəssübünü çəkir. Ona görə də nə vaxtsa qondarma soyqırımının İsrail tərəfindən də tanınacağı istisna edilmir. Necə ki, Bayden hökuməti yəhudi lobbi təşkilatlatının israrı ilə onu tanıdı. Bu reallığı nəzərə alaraq nə Türkiyənin, nə də Azərbaycanın soyqırım oyunundan ehtiyatlanaraq saxta İsrail rejiminə bac vermələrinə, onun fitnələri qarşısında güzəştə getmələrinə lüzum yoxdur.