Laçın bölgəsində kritik anlar yaşanıb
Erməni əsgərlər postlarından çıxarılıb
Azərbaycan Respublikasının hərbçiləri Laçında erməni əsgərlərini postlarından çıxarıb.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın istiqamətindən keçən hissəsində ötən gün yaranmış gərginliklə bağlı sosial şəbəkələrdə videokadrlar yayılıb. Kadrlardan görünür ki, Azərbaycan hərbçiləri Ermənistan əsgərlərini yerləşdikləri postdan çıxarır. Bu zaman erməni əsgərləri əllərini qaldırıb təslim olduqlarını göstərirlər.
Məlumatda qeyd olunur ki, Ermənistan ordusunun bölmələri sərhəddə vəziyyəti yenidən qızışdırmağa çalışaraq Laçın istiqamətində mövqelərini irəli çəkməyə və Azərbaycan ordusunun bölmələrinin təminat yollarını nəzarət altına almağa çalışıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, erməni tərəfinin bu təxribatına qarşı adekvat tədbirlər görülüb.
Bu arada Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan son günlər sərhəddə yaşanan olayları şərh edərkən iddia edib ki, Bakı və Ankara Zəngəzur dəhlizinin açılması üçün Ermənistanın müxtəlif məntəqələrində irəliləmək istəyirlər. Ermənistan hakimiyyəti isə mövcud vəziyyətdən çıxmaq üçün sərhəd xəttlərində müqavimətini artırıb.
Öz növbəsində Azərbaycan Respublikasının sabiq təhlükəsizlik zabiti İlham İsmayıl Facebook paylaşımında bildirib: "Sülhməramlılar qarşısında erməni terrorçunun təhvil verilməsi ilə bağlı ilk dəqiqədən ciddi danışıqlar aparılmalı idi. Təəssüf ki, nə belə bir danışıqlar aparıldığının, nə də rəsmi etirazın şahidi olmadıq. Sabah da belə bir terror hadisəsinin olacağına şübhəniz qalmasın. Bu terrora qarşı Azərbaycan Ordusu 10 qat artıq cavab verməsə, Xarici İşlər Nazirliyi terroru himayə etdiyinə görə Rusiya Federasiyasına açıq etiraz edib, sülhməramlılı qüvvələrə etirazını bildirməsə, təhlükəsizlik qüvvələri antiterror əməliyyat keçirib növbəti terrora hazırlaşanları məhv etməsə, düşmən yenə də zəncirvari terror hadisələri törədəcəkdir."