Azərbaycan Respublikası XİN sözçüsü Ermənistana cavab verib
-
Leyla Abdullayeva
Rəsmi Bakı Azərbaycanın Qarabağda "ermənilərə məxsus dini, tarixi və mədəni abidələrin identikliyini dəyişmək" istəyilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin ittihamlarını rədd edib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayevanın şərhində deyilir ki, Ermənistan 30 ildir ki, Azərbaycan ərazilərini işğal edib, yüzlərlə şəhər və kəndi məhv edib. Azərbaycanın tarixi, mədəni və dini abidələri talan və məhv edilib.
Bu illər ərzində Ermənistan bu ərazilərə YUNESKO missiyasının səfərinin qarşısını alıb, törədilmiş cinayətləri gizlədib. Eyni zamanda, Ermənistanın öz ərazisində azərbaycanlıların mədəni irsi məhv edilib.
“Rəsmi Bakı Ermənistan Xarici İşlər Nazirliyini böhtan xarakterli bəyanatlara son qoymağa çağırır”,- Leyla Abdullayevanın şərhində deyilir.
Xatırladaq ki, Ermənistan tərəfinin ittihamlarına azad edilmiş ərazilərdə alban irsinin tədqiqi üçün işçi qrupunun yaradılması ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyinin qərarı səbəb olub.
Deyilənlərə görə sözü gedən qrupun tərkibində yerli və xarici mütəxəssislər olacaq. Onlar xristian irsinin monitorinqini aparacaqlar. Saxtalaşdırma aşkar edilərsə, bu pozuntular beynəlxalq ekspertlərin iştirakı ilə sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq.