Mart 11, 2022 19:11 Asia/Baku
  •  MM komitəsi xristian düşüncəli AP-yə etiraz edib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli qətnaməsinə dair bəyanat verib.

SəhərAzəri-nin məlumatına əsasən,bəyanatda Azərbaycanın mədəni irsinə qarşı 30 illik məhvetmə prossesinə susması xatırladılır: “Öz qətnaməsində UNESCO-ya dəfələrlə istinad edən, lakin qeyd olunan faktları inkar edən və Azərbaycanı UNESCO-nun missiyasını əngəlləməkdə ittiham edən Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələri, mədəni irsinə qarşı törədilən vandallıqlara dair ötən illər ərzində bir dəfə də olsun məsələ qaldırmaması olduqca düşündürücüdür.”, - bəyanatda bildirilir.

“Avropa Parlamentinin hazırkı qətnaməsi nəinki beynəlxalq humanitar hüququn prinsiplərinə, eyni zamanda mədəni və dini abidələrin dağıdılmasına qarşı Avropa İttifaqının özünün qəbul etdiyi prinsiplərə də ziddir”, - komitənin bəyanatında deyilir.

Bəyanatda AP-nin xristian təəssübkeşliyi düşüncəsindən çıxış etdiyini əks etdirən məqama da toxunulub: “Avropa Parlamenti ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin və bəşəriyyətin ümumi irsinin bir hissəsi kimi təqdim edir”,- bəyanatda bildirilib.

Bəyanatda sonra deyilir: “İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edən düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir.”

Komitə öz bəyanatında xatırladır ki, ümumiyyətlə, AP-nin qətnaməsində Azərbaycanın mədəni irsi ifadəsinə heç bir yerdə rast gəlmək mümkün deyil:

“Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qərəzli şəkildə yalan məlumatlar yaymaq cəhdini şiddətlə qınayır və regionda normallaşma prosesinə ziyan vuracaq təxribatlardan çəkinməyə çağırır”,- Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli qətnaməsinə dair bəyanatında vurğulanır.

Teqlər