Zəngəzur dəhlizi İranla əvəz edildi
H.Hacıyev: “Ermənistan istəmir deyə, biz onu gözləyəsi deyilik”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Azərbaycan, İran və Türkiyəni birləşdirən yeni dəhlizin əsasının qoyulmasından xəbər verib.
SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, bu gün Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandum imzalanıb.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində - Zəngilandan, Ağbənd kəndindən Araz çayı üzərindən İrana körpülər inşa olunacaq: “Quru və dəmir yolları, eyni zamanda, elektrik xətləri də daxil olmaqla yeni bir layihənin əsası qoyulub. Bu, Türkiyə, İran və Azərbaycanı birləşdirən dəhlizdir. Bu, eyni zamanda Avrasiyada yeni bir dəhliz olacaq ki, bütün nəqliyyat mənzərəsini dəyişəcək. Təbii ki, bundan bizim ölkələrimiz qazandı. Bəs qazanmayan kim oldu? Ermənistan! Yəni, Ermənistan istəmir deyə, biz onu gözləyəsi deyilik. Azərbaycan bu pozitiv gündəliyini bundan sonra da davam etdirəcək”.