Sülh müqaviləsinin bağlanmasına ümid yaranır
Azərbaycan tərəfindən Ermənistana təqdim olunan təkliflər açıqlandı
Bakı beş təklif əsasında Ermənistanla sülhü bərqərar etmək üçün əsas olacaq prinsipləri dəqiqləşdirib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva bazar ertəsi Ermənistanla münasibətlərin normallaşması üçün beş prinsipi açıqlayıb.
Nazirlik rəsmisi bildirib ki, bir neçə gün əvvəl Azərbaycanın münasibətlərin qurulmasının əsas prinsipləri haqqında təklifi vasitəçilər vasitəsilə Ermənistana təqdim edilib. Təklifdə aşağıdakı beş əsas prinsip əksini tapıb:
- bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, dövlət sərhədlərinin pozulmazlığının və siyasi müstəqilliyinin qarşılıqlı olaraq tanınması;
- bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə iddialar irəli sürülməməsinə dair hüquqi öhdəlik;
- bir-birinini təhlükəsizliyini təhdid etməkdən, bir-birinin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiqindən, həmçinin BMT Nizamnaməsi ilə bir araya sığmayan digər hərəkətlərdən çəkinmək;
- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- nəqliyyat və digər kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.
Abdullayeva qeyd edib ki, iki ölkə bu əsas prinsiplər əsasında, intensiv, substantiv və nəticəyə yönəlmiş danışıqların aparılması yolu ilə ikitərəfli sülh sazişi bağlaya bilər.
Qeyd edək ki, erməni tərəfi bu təkliflərə hələ cavab verməyib.