Peskov Qarabağdakı vəziyyətdən danışdı
"Razılaşmaların şərtlərinə əməl olunmalıdır"
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Qarabağ məsələsində bütün tərəflər müvafiq razılaşmaların şərtlərinə əməl etməyə davam etməlidirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov Qarabağdakı vəziyyətlə bağlı ddeyib: "Əsas məsələ bütün tərəflərin atəşkəs rejiminin icrasını təmin etməsidir. Bizim hərbçilərimiz Azərbaycan tərəfi ilə, Ermənistan tərəfi ilə təmasdadırlar".
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə cavab olaraq bəyanat yaymışdı.
Bəyanatda deyilir: "Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən 24 mart tarixində, guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir.
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur".