Apr 09, 2022 18:09 Asia/Baku
  • Brüssel danışıqları barədə izahat verilib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının prezidenti Vladimir Putinə zəng edib.

SəhərAzəri-nin məlumatına əsasən, Azərtac xəbər verir ki, söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.

Telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi, həmçinin nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın iştirak etdiyi işçi qrupunun fəaliyyəti və bu çərçivədə növbəti təmaslar barədə söhbət aparılıb.

Rəsmi məlumatda qeyd olunur ki, tərəflər ikitərəfli münasibətlərin cari gündəliyi üzrə sıx əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı niyyəti bir daha ifadə ediblər.

Fevralın 22-də Strateji Tərəfdaşlıq haqqında imzalanmış Bəyannaməyə əsasən, Azərbaycan Respublikası daxili və xarici siyasətdə həssas məsələləri Rusiya ilə razılaşdırmağa məcburdur. Prezident İlham Əliyevin eyni gündə Ermənistanın baş naziri kimi Rusiya dövlət başçısına zəng edərək Brüssel razılaşması barədə Putinə izahat verməsi bununla əlaqədar ola bilər. 

Teqlər