Avq 04, 2022 09:19 Asia/Baku

Amerikalı konqresmen Qarabağda ölümcül hücumdan sonra ABŞ-ın Azərbaycana bütün yardımını dayandırmağa çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ceki Spayer bu haqda deyib: “Əliyev Artsax xalqına qarşı qanlı dron zərbələri kampaniyasını davam etdirirsə, ABŞ ona güc nümayiş etdirdiyi üçün yerini göstərməli və bütün yardımlarını dayandırmalıdır. Danışıqlar masasına gələnə qədər ABŞ-ın Azərbaycana bütün yardımını dərhal dayandırın”, - deyə konqresmen öz tvitter hesabında yazıb.

Avqustun 3-də Azərbaycan qüvvələrinin Qarabağda antiterror əməliyyatı nəticəsində dörd erməni yaraqlısı ölüb, 20-yə yaxını yaralanıb. Azərbaycan hərbçiləri hücum zamanı minaatanlardan, qumbaraatanlardan və döyüş PUA-larından istifadə edib.

Azərbaycan Ordusunun ötən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin sayı 19-a çatıb.

Separatçı rejimin “səhiyyə naziri” Mikael Ayryan erməni mətbuatına açıqlamasında bildirib ki, 4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Yeri gəlmişkən bildirək ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən ən son məlumata görə, bu ölkə ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir.

Bununla belə dünən qondarma "DQR"-nin başçısı Arayik Harutyunyan fərman imzalayaraq qismən hərbi səfərbərlik elan edib.

Teqlər