Ermənilər xəbərdarlıqlara məhəl qoymurlar
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 4 hadisə isə Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisində erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Bildirilir ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.