İran İslam Respublikasının Səfiri jurnalistlərin suallarını cavablandırıb
S.A.Musəvi: İran yolu Naxçıvana gediş-gəliş üçün əsas marşrutdur
İran İslam Respublikasının Azərbaycandakı səfiri Şuşada jurnalistlərin suallarını cavablandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, İkinci Qarabağ müharibəsindən sonra baş verən son hadisələrlə yaxından tanış olmaq məqsədi ilə bu gün Bakıda fəaliyyət göstərən 160-a yaxın rezident və qeyri-rezident səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri işğaldan aza edilmiş Füzuli, Şuşa və Laçın şəhərlərinin, eləcə də Laçın dəhlizinin son vəziyyəti ilə tanış olmaq üçün bölgəyə səfər ediblər.
Bu səfərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri və səfirliyin hərbi attaşesi də iştirak edib.
Həmin səfər çərçivəsində İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi jurnalistlərin suallarını cavablandırarkən Qarabağda işğal olunmuş ərazilərin azad edilməsindən və üçtərəfli bəyanatın icrasından bir daha məmnunluğunu ifadə edib.
Diplomat bildirib: “Təxminən 30 ildir ki, İran ərazisi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikasına qovuşduraraq qardaşlarımızın gediş-gəlişi üçün əsas tranzit yolu olmuşdur. Azərbaycan Respublikasının hakimiyyət orqanları tərəfindən təqdir edilən bu marşrut hələ də qardaş və bacılarımız üçün mövcud olan əsas marşrutdur.”
O əlavə edib: “Biz regionun yeni reallıqlarını başa düşürük, lakin hesab edirik ki, istənilən regional plan bu reallıqlara əsaslanmalıdır və region ölkələrinin bütün məsələləri 3+3 formatında öz həllini tapmalıdır.”
İran İslam Respublikasının səfiri sonra Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh danışıqları və təşəbbüslərini dəstəkləyib və deyib: “Beynəlxalq münasibətlərdə əsas prinsiplərdən biri budur ki, ikitərəfli, regional və sairə danışıqlar zamanı müxtəlif ölkələr öz maraqlarını başqa ölkələrin maraqları ilə ziddiyyət əsasında müəyyən etməməlidirlər.”