Azərbaycan Respublikası XİN:
N.Pelosi tərəfindən irəli sürülən ədalətsiz ittihamlar qəbuledilməzdir
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi ABŞ Nümayəndələr Palatasının spikeri N.Pelosinin Ermənistana səfəri zamanı söylədikləri ilə bağlı açıqlama verib.
SəhərAzəri-nin məlumatına əsasən,XİN-in rəsmi internet səhifəsində yer alan açıqlamada deyilir: 18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlama ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir.
Açıqlamada son günlər Azərbaycan Respublikası ilə Ermənistan hərbçiləri arasında bnaş verən toqquşmaların əslində erməni tərəfindin təxribatlarının nəticəsi olduğu bildirilir.
XİN pelosinin seçkilərə görə bu kimi hərəkətləri etdiyini bildirir və sonra belə əlavə edir: “Ümumiyyətlə, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.”
Açıqlamada deyilir: “Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N. Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.”
Açıqlamada N.Pelosinin sözlərinin Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbə olduğu vurğulanır: “Bu kimi birtərəfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir”,- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.