İran-Azərbaycan əlaqələri stimullaşdırılır
Musəvi: İlham Əliyevin bu ilin sonunadək İrana səfəri planlaşdırılır
İran İslam Respublikasının Bakıdakı səfiri bu ilin sonunadək prezident İlham Əliyevin Tehrana səfərinin planlaşdırıldığını bəyan edib.
SəhərAzəri-nin məlumatına əsasən, səfir Seyid Abbas Musəvi bildirib ki, bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki, gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq.
O qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə əlaqəli şəkildə bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır və tezliklə işə başlayacaqlar. Ancaq gözləntilərimiz bundan artıqdır. İran şirkətlərinin keyfiyyəti və rəqabət qabiliyyəti yüksəkdir.
Xatırladaq ki, iyul ayında İran prezidenti Seyid İbrahim Rəisi mətbuat nümayəndələrinə açıqlamasında deyib ki, İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi regionda səmərəli əməkdaşlığa səbəb olacaq.
Prezident bildirib ki, İran-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi üçün heç bir maneə yoxdur. Bu əlaqələr iqtisadi artım və siyasi sabitliyin əsasını təşkil edir. Əlaqələrin bütün sahələr üzrə inkişaf etməsi xalqların da yaxınlaşmasında mühüm rol oynayacaq.
Rəisi nəzərə çatdırıb ki, Azərbaycan prezidenti İlham Əliyevi İrana rəsmi səfərə dəvət edib. Səfərin reallaşacağı təqdirdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafında sıçrayış müşahidə edəcəyik.
İran Prezidenti bütün sahələr üzrə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu və bu potensialdan səmərəli istifadə edilməsinin zəruriliyini də diqqətə çatdırıb.