Okt 18, 2022 12:47 Asia/Baku
  • Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirilir

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell bildirib ki, Aİ-nin mülki müşahidəçi missiyası çox sürətlə Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdiriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, Lüksemburqda Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransında çıxış edən Borrel deyib: “Avropa İttifaqının Gürcüstandakı missiyasının Azərbaycanla sərhədin Ermənistan tərəfinə monitorinq aparmasına razılıq verilib. Komanda artıq oradadır və şuranın təlimatına uyğun olaraq biz yaxın həftələrdə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfində çox tez 40 monitor yerləşdirəcəyik”.

Avropa Şurasının prezidenti Şarl Mişel də öz növbəsində “Ermənistanın Azərbaycanla beynəlxalq sərhədində monitorinq potensialının sürətlə yerləşdirilməsini” alqışlayıb.

Oktyabrın 17-də Avropa İttifaqı Şurası regiondakı vəziyyətin monitorinqi, təhlili və məlumatlandırılması məqsədi ilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a qədər Aİ monitorinq ekspertinin yerləşdirilməsi barədə qərar qəbul edib.

Bu qərar oktyabrın 6-da Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevin dördtərəfli görüşündən sonra verilib.

Şura bildirib ki, bu qərar bölgədə sülh və təhlükəsizliyin bərpasına, etimadın yaradılmasına və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etmək məqsədi daşıyır.

Qeyd olunur ki, monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq. Rusiya isə üçtərəfli bəytanatın təşəbbüskarı olaraq Qərb dövlətlərinin Cənubi Qafqazda aktivləşməsinə müsbət yanaşmır və olayları diqqət mərkəzində saxlayır.

Teqlər