Xankəndidə Rus hökuməti qurulur?
Rusiya vətəndaşı və Putinin yaxın adamı Qarabağda hərbi və enerji sahələri istisna olmaqla bütün sahələrə nəzarəti ələ keçirib.
Azərbaycan Respublikasının hazırda 2 ilə yaxındır Rusiyanın nəzarətində qalan ərazisində 32-ci ildir ki, fəaliyyət göstərən rejimin “dövlət naziri” Artak Beqlaryan dünən – noyabrın 3-də sonuncu mətbuat konfransını keçirib. O, bu vəzifəni iki ay əvvəl guya Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən milayrder iş adamı Ruben Vardanyana həvalə edir. Bu haqda ABŞ-ın “Azadlıq” radiosunun erməni bürosu xəbər verir.
Qarabağdakı “hakim partiya”nın “deputat” olan üzvü Aram Arutyunyan rusiyalıya geniş səlahiyyətlərin verildiyini deyib: “Əgər Artak Beqlaryan təhsil, sosial sahə, səhiyyə və ədliyyə sahələrinə nəzarət edirdisə, Ruben Vardanyanın nəzarətində xarici əlaqələr, şəhərsalma, maliyyə, kənd təsərrüfatı və ərazi idarəçiliyi sahələri də olacaq. Demək olar ki, hərbi sahə və elektrik enerjisi sənayesi istisna olmaqla bütün sahələr Ruben Vardanyanın nəzarətində olacaq”, - Arutunyan bildirib.
Rusiyadan Qarabağa köçürülən Ruben Vardanyan kadr dəyişikliyi səlahiyyətini də alacaq. A. Arutyunyanın sözlərinə görə, o, təyinatları təkbaşına həyata keçirə biləcək.
Xatırladaq ki, öncədən yayılmış məlumatlara görə, "Putinin milyarder desantı" adlanan, “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi 53 yaşlı oliqarx milyarder Ruben Vardanyan noyabrın 4-dən, yəni bu gündən Xankəndindəki separatçı rejimin qondarma "dövlət naziri" vəzifəsinin icrasına başlayır.