Dek 18, 2022 08:11 Asia/Baku
  • Naxçıvan xanı bütün səlahiyyətlərini itirmək təhlükəsi ilə üz-üzədir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun personası ətrafında yaranmış ajiotaj davam edir.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) muxtar respublikada ard-arda keçirdiyi əməliyyatlardan sonra Talıbov erasının bitdiyinə dair ehtimallar gündəmə gəldi. Naxçıvan “xan”ının təcili Bakıya çağırılması və uzunmüddətli məzuniyyətə göndərilməsindən sonra bu ehtimallar daha da qüvvətləndi.

Axar.az Yenisabah.az-a istinadən xəbər verir ki, təxminən 30 ildən sonra hüquq-mühafizə orqanlarının Naxçıvanda əməliyyat keçirməsi cəmiyyəti silkələyib. Toxunulmazlığı ilə ad çıxaran Ali Məclis sədrinin ən yaxın adamlarının bir-birinin ardınca məhbəsə göndərilməsi çoxsaylı suallar doğurdu. Hələ də bir çox analitik Naxçıvan hadisələrinin pərdəarxasını çözməyə, hadisələrin bundan sonrakı inkişafına dair proqnoz verməyə çətinlik çəkir.

Məlumatlara görə, yaxın günlərdə Naxçıvanda həbslərin növbəti dalğası başlayacaq. Mənbə deyib ki, hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşlarından təşkil olunmuş və bir müddət əvvəl Naxçıvana ezam edilmiş xüsusi qrup növbəti həbslər üçün zəmin hazırlayıb.  

Bu arada Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov izahatı alınması üçün Bakıya gətirilib.

O iddia edib ki, Səhiyyə Nazirliyinin bütün rəhbərləri və baş həkimlər də DTX-ya çağırılıb və ifadələri alınıb.

Məlumatlı şəxsin sözlərinə görə, Vasif Talıbovun Naxçıvana qayıtmaması bu prosesi bir qədər də sürətləndirib.

 

Teqlər