Bakıda silahlı insidentlə bağlı üç nəfər saxlanılıb
Bakı Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidenti törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən öncə verilən məlumata görə bu gün Bakıda Nəsimi rayonu, Səməd Vurğun küçəsində silahlı insident olub, 2 nəfər yaralanıb.
Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi barədə məlumat yayılıb.
TƏBİB-dən verilən məlumata görə 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.
Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.