Bakıya Xankəndidən yox cavabı gəldi
Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Qarabağ ermənilərini Bakı görüşünə səsləyib.
Səməd Seyidov qeyd edib ki, ortaq gələcək haqqında danışmaq üçün Bakıda bir araya gəlməyin vaxtıdır.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib.
Bu barədə o "Twitter " hesabında yazıb:
"İllüziyalarınızı bir kənara qoyub ortaq gələcəyimiz haqqında danışmaq üçün Bakıda bir araya gəlməyin vaxtıdır. Bu şansı qaçırmayın".
Azərbaycan Respublikası Prezident Administrasiyası da öncə Qarabağ ermənilərini növbəti görüş üçün Bakıya dəvət etmişdi.
Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Görüşdə rəsmi Bakı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədovun da iştirak etdiyi bildirilmişdi.
Görüşün qarşı tərəfi barədə heç bir məlumat verilməsə də bu gün Xankəndidəki separatçı rejimin başçısının Bakı görüşü təklifinə yox deməsi ilə bəlli olub ki, Xocalıdakı görüş də erməni separatçıları ilə keçirilibmiş.
Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Bakıda görüş təklifinə “yox” deyib: Qarabağ separatçı rejimi görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və humanitar, texniki məsələlərin müzakirə edilməsini istəyir və beləliklə, reinteqrasiya prosesindən imtina edirlər.