Apr 28, 2023 18:15 Asia/Baku
  • Deputat Vahid Əhmədova töhmət verilib

Azərbaycan Respublikası Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədova töhmət verib. Bu barədə qərar komissiyanın aprelin 28-də keçirilən iclasında qəbul edilib.

SəhərAzəri-nin məlumatına görə, Deputat Vahid Əhmədovun bir neçə gün öncə Sancaq internet televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər aprelin 25-də Milli Məclisin plenar iclasında müzakirələrə yol açıb.

Milli Məclisin sədri Sahibə Qafarova deputatın məsələsinə Milli Məclisin İntizam komissiyasında baxılması barədə tapşırıq verib.

Jurnalist Mehman Hüseynovun Vahid Əhmədovla müsahibəsində ölkədə işsizlik, seçkilər, sosial məsələlər, penisya, az gəlirlilik və digər məsələlər diqqət mərkəzində olub.

Vahid Əhmədov isə bildirib ki, müsahibəsində dövlətin mövqeyini müdafiə edib.

"Bu gün də dövlətin mövqeyini müdafiə edirəm. Bütün çıxışlarımda istər Milli Məclisdə, istər mətbuatda" , o qeyd edib.

Vahid Əhmədov ona qarşı hücumlar müqabilində özünü belə müdafiə etmək məcburiyyətində qalsa da, əslində hər hansı millət vəkili sadəcə millətin sözünü deməli və mövqeyini müdafiə etməlidir.

Öz növbəsində jurnalist Mehman Hüseynov mediyaya verdiyi müsahibəsində bildirib ki, deputat Vahid Əhmədovla müsahibədə xalqın problemlərindən, seçkilərdən, Milli Məclisdə oturub bizneslə məşğul olan oliqarx deputatlardan, reytinqi olan siyasi partiyalardan danışılıb.

"Milli Məclisin deputatlarını həqəqət niyə narahat edir? Düşüblər Vahid Əhmədovun üstünə. Bəzi deputatlar isə məni təhqir edib. Mənə maraqlıdır, sözün düzü niyə deputatları belə incidib? Ölkədə sözün düzünü demək bu qədər təhlükəlidir? Səbəb nədir? Deputatlar niyə bu qədər coşublar?", Mehman Hüseynov Amerikanın Səsinə deyib.

 

 

Teqlər