May 02, 2023 20:16 Asia/Baku
  • TV-lər deputatlar tərəfindən kəskin tənqid olundu

Azərbaycan Respublikası Parlamentinin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, son illər yerli telekanallara baxanların sayı bir neçə dəfə azalıb. Bayağı məzmunlu verilişlər televiziyaların əsas hissəsinə çevrilib.

SəhərAzəri-nin məlumatına görə, Parlamentin bugünkü plenar iclasında deputatlar bayağı verilişlərə görə telekanalları tənqid ediblər.

Parlamentin İnsan hüquqları komitəsinin sədri parlamentdə iqtidarı təmsil edən Zahid Oruc çıxış edərək bildirib ki, son illər yerli telekanallara baxanların sayı bir neçə dəfə azalıb. Bayağı məzmunlu verilişlər televiziyaların əsas hissəsinə çevrilib. Bayağı şou proqramların artması, şou əhlinin əsas simalar kimi təqdim olunması Zəfərimizə, məqsədimizə də uyğun deyil.

Deputat Bəhruz Məhərrəmov çıxış edərək qeyd edib ki, kütlənin zövqü televiziyaların yayım siyasətini müəyyən etməməlidir. Bu gün çoxsaylı internet telekanalı mövcuddur. Onların arasında kifayət qədər səviyyəli olanlar var. Ancaq elə internet telekanalları var ki, ciddi reklam resursları olmaya-olmaya böyük imkanlara malikdir. Onların qarşısına Soros ideyalarını təbliğ etmək, ermənilərin əli ilə edə bilmədiyini - Azərbaycanı daxildən dağıtmaq missiyası qoyulub.

Deputat Sabir Rüstəmxanlı bildirib ki, heç bir insan çirkli paltarda küçəyə çıxmaz: "Amma televiziyaya çirkli paltarlarla, çirkli dillə çıxırlar. Onların buna nə haqqı var?”

Deputat Razi Nurullayev də telekanallarda bayağı verilişləri tənqid edib. O bildirib ki, düşük, bayağı, çığırtı-bağırtı olan verilişlər cəmiyyətimizin mədəni və intellektual səviyyəsinin aşağı düşməsinə səbəb olur.

"Bütün televiziyalara isə arzum budur ki, bizim efir məkanlarında sağlam tənqid səsləndirən verilişlərin sayı çoxalsın. Yalançı, boğazdan yuxarı təriflər, yaltaqlıq təbliğ edən verilişlər, yerli-yersiz təriflər ölkənin inkişafına yox, geriləməsinə səbəb olur", - deyə deputat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasında telekanalların fəaliyyətində nəzarət üçün Teleradio Şurası deyilən qurum fəaliyyət göstərsə də, nədənsə bu ölkənin telekanallarındakı bərbad vəziyyət nəinki düzəlmir hətta hər gün ötən günkü ilə müqayisə də daha da pisləşir.

 

Teqlər