May 13, 2023 15:13 Asia/Baku
  • Siyasi fəala işgəncə verilib

“Müsəlman Birliyi” hərəkatının fəalı, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Samir Babayev məhkəmədə bildirib ki, saxlanıldıqdan sonra ona işgəncə verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Babayevin sərbəst ifadəsi dinlənilib. Onun yaxınları bildiriblər ki, Babayev ötən il dekabrın 2-də səhər Bakının Maştağa qəsəbəsində saxlanılıb. O, öz avtomobilindən çıxaraq potça gedib, qayıdanda onu tutub polisə aparıblar.

Orada onun cibinə üç paket narkotik maddə qoyublar. Babayevə qarşı Cinayət Məcələsinin 234.4.3-cü maddə ilə (külli miqdarda narkotik maddə alveri) ittihamı irəli sürülüb. Onu 5 ildən 12 ilədək həbs gözləyir.

Müdafiə tərəfi hesab edir ki, Babayevin günahına dair səhih dəlillər yoxdur.

Samir Babayev Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq tərəfindən siyasi məhbus kimi tanınıb.

“Müsəlman Birliyi” hərəkatı dindarların hüquqlarının pozulmasına və dini hüquqların məhdudlaşdırılmasına görə ölkə hakimiyyətini tənqid edən dini təşkilatdır.

Hərəkatın lideri Taleh Bağırzadə 2016-cı ildə konstitusiya quruluşunu devirməyə çağırış, qanunsuz silah saxlamaq və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hərəkatın bir neçə digər üzvü də oxşar maddələrlə mühakimə edilib. Onların hamısı yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Teqlər