Məhkəmə hökmü qalmaqal yaratdı
Qarabağ veteranının həbsdə öldürülməsinə görə cəmi 2 min manat cərimə təyin edilib
Azərbaycan Respublikasında Qarabağ veteranının həbsdə işgəncə altında öldürülməsinə görə cəmi 2 min manat cərimə təyin edilməsi ictimai qınağa səbəb olub.
Ədliyyə Nazirliyi nəzarətində olan həbsxanada işgəncə faktı ilə bağlı məlumat yayılıb.
Məlumatda məhkum Sübhan Ağayevin 5 saylı Cəzaçəkmə Müəssisəsində öldürüldüyü qeyd olunur. İstintaqın məhkəməyə təqdim etdiyi ittihamda deyilir ki, cəzaçəkmə müəssisəsinin baş inspektoru, ədliyyə mayoru Hümbət Məmmədov 27-28 fevral tarixlərində Sübhan Ağayevi hər iki əlinə vurulmuş əl qandalını dəmir çarpayının başlığına bağlayıb, müttəhimin ləyaqətinin təhqir olunmasına gətirib çıxaran, onun qidalanmasını, təbii ehtiyaclarını ödəməsini, sərbəst hərəkət etməsini məhdudlaşdıraraq Sübhan Ağayevin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərini aşıb. Nəticədə məhkum S.Ağayev ölüb.
Maraqlıdır ki, Salyan Rayon Məhkəməsi H.Məmmədovu təqsirli bilib. Amma onu həbs etməyib. Yalnız 2 min manat cərimə edib.
Məhkəmə qərarı dərhal ictimaiyyət tərəfindən qınanılıb.
Politoloq Ərəstun Oruclu bu barədə öz feysbuk paylaşımında yazıb: “Qəribədir, bir tərəfdən ölkədə törədilmiş qeyri-insani işgəncələr gündəmdən düşmür, diğər tərəfdən isə həmin işgəncələr bu gün daha geniş miqyasda davam etdirilir, məhkəmə saxtakarlıqları konveyer üsulu ilə davam edir”.
Tanınmış müxalifətçi Tofiq Yaqublu isə yazıb: “Dəhşətdir. Məhkum qazi Sübhan Ağayev 5 saylı cəzaçəkmə müəssisəsində öldürülüb. Bu da sizə külfət hakimiyyətinin məhkəməsi”.
Jurnalist Fuad Qəhrəmanlının isə “işgəncə dövləti” sərlövhəli yazıda başqa bir faktdan söz açıb.
“Narkotik ittihamı ilə şərlənib həbs edilən Beyləqan sakini Ceyhun Balaşovun həyat yoldaşı bildirib ki, “Ceyhuna dəhşətli işgəncələr veriblər. Onun bədənində işgəncə izləri, işgəncədən yaranmış yaralar hələ də qalır. Belini aparatla sındırmaq istəyirmişlər. Ceyhuna bütün növ işgəncə veriblər. Başına o qədər təpik vurublar ki, başında şişlər əmələ gəlib. Dəfələrlə 5-6 adam üstünə düşüb özündəngedənə qədər döyüblər. Ayıldıb yenidən döyürmüşlər”.