ABŞ səfirindən “münaqişədə həyatını itirənlər” ifadəsi
ABŞ səfiri Qarabağ müharibəsinin şəhidlərini deyil Azərbaycanla Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini anıb.
Bu gün sentyabrın 27-i Azərbaycan Respublikasının öz işğal olunmuş ərazilərini azad etmək məqsədi ilə başlatdığı 44 günlük müharibənin ildönümü günüdür. Bu gün Azərbaycanda bu müharibənin şəhidləri və qəhrəmanlarını anım günü kimi qeyd olunur. ABŞ-ın Bakıdakı səfiri Mark Libbi bu müharibənin şəhidlərinin xatirəsini anmaq üçün Şəhidlər xiyabanına gedib. Ancaq Amerikalı səfir bu barədə açıqlamasında Qarabağ müharibəsinin şəhidlərini deyil, münaqişədə həyatını itirənlərin xatirəsini andığını bildirib.
"Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik", deyə ABŞ səfiri Mark Libbi qeyd edib.
Qeyd edək ki, ABŞ və Avropa heç vaxt Azərbaycan torpaqlarının işğalını rəsmən tanımadılar və Azərbaycan öz ərazi bütövlüyü və suverinliyini bərpa etdikdən sonra da qərbdən müşahidə olunan mövqe və açıqlanan bəyanatlar onu deməyə əsas verir ki, onlar hələ də Azərbaycanın Qarabağa nəzarətini rəsmən tanımır və Qarabağ münaqişəsinin bitmədiyi qənaətindədirlər. Məhz bu münasibətin nəticəsidir ki, ABŞ-ın Azərbaycandakı səfiri, Qarabağ şəhidlərinə münaqişə qurbanları adını verir.