M.Qəhrəmanlı: Əfv komissiyası iclasda oturub əl qaldırmaqla məşğuldur
İyul 10, 2015 09:00 Asia/Baku
Tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı: "Bu komissiya həmkarlar təşkilatları yanında olan çoxlu sayda, lakin fəaliyyətsiz komissiyaya bənzəyir"
Əfv Komissiyasının üzvü olan xalq şairi Zəlimxan Yaqub deyib ki, əfv komissiyası ildə iki dəfə yığışır və bu il növbəti əfv sərəncamının 31 dekabrda olacağı gözlənilir.Xalq şairinin bu cavabı məhbus ailələrinin intizarını daha da artırıb və ümumiyyətlə cəmiyyətdə dövlətin əfv siyasətində sanki bir anormallıq hökm sürdüyü qənaəti formalaşıb.
Tanınmış hüquq müdafiəçisi, bir müddət öncə siyasi məhbus məsələləri üzrə yaradılmış Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı məhbus ailələrinin xahişi əsasında aşağıdakı sualı cavablandırıb: "Siz bir peşəkar kimi nə təklif edirsiniz, ümumiyyətlə mexanizm necə olmalıdır ki, millət tapmaca axtarmaq zorunda qalmasın?
M.Qəhrəmanlı da cavabında bizim haqlı olduğumuzu isbatlamış olub: "Əfv Komissiyasının üzvləri dəyişməlidir. Yəni, ümumiyyətlə ölkədə hər hansı qurum, İctimai komitə, işçi qrupu və. s yaradılarkən onun tərkibinə ciddi fikir verilməlidir. Çünki Komanda - əsas amildir. Həmin Komissiyada isə ən aktiv - heç bir səlahiyyəti olmayan katiblikdir. Komissiyanın da özünün marağı olmalıdır ki, daha çox insanlar bağışlanılsın. Bunun üçün onlar aktiv olmalıdırlar. Sadəcə arabir çağırılan iclaslarda oturub əl qaldırma ilə məşğul olmamalıdırlar. Komissiyanın əsasnaməsinə yenidən baxılmalı, üzvlər yenidən seçilməlidir. Əgər bağışlanma müsbət bir gediş olmasaydı, Allah insanları heç vaxt bağışlamazdı. Bu komissiya həmkarlar təşkilatları yanında olan çoxlu sayda, lakin fəaliyyətsiz komissiyaya bənzəyir. Ona görə də bir daha təkrar edirəm, bu komissiya tam tərkibdə buraxılmalı, cəmiyyətin daha aktiv, ictimaiyyətin tanıdığı və inandığı adamlardan yenidən formalaşdırılmalıdır."